Pensiya mexanizmi təkmilləşdirilməlidir | TƏHLİL

// Minimum pensiya göstəricisinin rolu artırılmalıdır

  Pensiya mexanizmi təkmilləşdirilməlidir   | TƏHLİL
  06 Fevral 2023    Oxunub:3260
Dövlət başçımızın yanvarın 5-də imzaladığı Sərəncamla minimum əməkhaqqının 300 manatdan 345-ə qaldırılması ilə yanaşı, minimum pensiya da 240-dan 280 manata (16,7%) yüksəldi. Sonuncu dəfə minimum pensiya məbləği 200 manatdan 240 edilməklə keçən il qaldırılmışdı.
Ümumiyyətlə, son 5 il ərzində həyata keçirilən 4 sosial paket çərçivəsində minimum pensiya məbləği 110 manatdan 280 manata çatdırılmaqla 2,5 dəfə, orta aylıq pensiya həddi isə 80% artıb. Bu, olduqca müsbət tendensiyadır. Ancaq məsələ ondadır ki, minimum pensiya məbləği minimum əməkhaqqı deyil və eyni mexanizm rolunda çıxış etmir. Minimum aylıq əməkhaqqı artırılan zaman hökumətin təsdiq etdiyi 19 pilləli Vahid Tarif Cədvəli üzrə büdcə təşkilatlarında çalışanların demək olar, hamısının maaşlarında artım baş verir. Minimum pensiyada belə deyil.

Minimum pensiya məbləği ölkə üzrə ödənilən ən aşağı pensiyanı nəzərdə tutur. Onun artırılması minimum pensiyadan artıq pensiya alanlara şamil edilmir. Hazırki 16,7%-lik artım ölkədəki 1 milyon 200 min əmək pensiyaçısı sayına rəğmən, cəmi 100 min nəfəri əhatə edəcək.

Məlumat üçün qeyd edim ki, məsələn, keçən il bu rəqəm 65 min nəfər təşkil etmişdi. Yəni, minimum əmək pensiyası məbləği 200-dən 240 manata qaldırılarkən 65 min nəfərin pensiyası artmışdı.

Demək, birincisi, ölkədə pensiya alanların sayı 1 milyon 200 min nəfər təşkil etsə də, bunun cəmi 100 min nəfəri minimum pensiya alır, ikincisi isə pensiya məbləğləri üzrə hər il həyata keçirilən indeksləşdirmə prosesi minimum pensiyaya aid deyil.

Lakin minimum pensiya məbləği hər dəfə artırılan zaman pensiyaya çıxmaq üçün tələb olunan minimal kapital səviyyəsi (hazırda 34 560 manatdır) daha da yüksəlir. Minimum pensiya məbləğinin 280 manata qaldırılması sözügedən göstəricini 34560 manatdan təqribən 40320 manata yüksəldəcək. Bu da pensiyaya çıxdıqdan sonra minimum həddən artıq pensiya ala bilmək istəyənlərin imkanlarını məhdudlaşdırır.

Göründüyü kimi, sözügedən göstəricinin artması bir tərəfdən heç də bütün pensiya məbləğlərinə təsir etmədiyi halda, digər tərəfdən, pensiya hüququ əldə etmək şanslarını azaldır.

Bəs, nə etməli?!

Bütün bu qeyd olunanlara əsasən hesab edirəm, minimum pensiya məbləği göstəricisinin əhəmiyyəti, rolu ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklərə getmək lazımdır. Ümumiyyətlə, minimum pensiya məbləğinə dair mexanizm təkmilləşdirilməlidir.

Təkliflərimdən biri budur ki, minimum pensiya məbləğinin qaldırılması da əməkhaqqı sistemində minimum əməkhaqqı kimi bütün pensiya sistemində əhəmiyyətli rol oynasın və buna dair müvafiq mexanizm yaradılsın. Bu, indeksləşdirmədən daha effektli ola bilər.

Ölkədə əmək pensiyaları hər il indeksləşdirilərək artırılır. Ənənəvi olaraq hər ilin əvvəlində əvvəlki il ərzində ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım səviyyəsi göstəricisinə əsasən, bütün növ əmək pensiyaları da indeksləşdirilir. 2018-ci ilədək bu, əvvəlki il ərzində istehlak qiymətlərinin indeksinə, inflyasiya göstəricisinə əsasən həyata keçirilirdi. Bundan əlavə, pensiyalar baza və sığorta hissələrindən ibarət olduğu üçün indeksasiya yalnız sığorta hissəyə aid edilirdi. Hazırda isə pensiyaların hamısı sığorta hissədən ibarət olduğundan indeksləşdirmə pensiyaların bütöv məbləğlərinə şamil edilir.

İndeksləşdirmənin əvvəlki il ərzində inflyasiya göstəricisinə deyil, orta aylıq nominal əməkhaqqı məbləğinin artım faizinə görə həyata keçirilməsi düzgün qərar idi. Ona görə ki, inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirmə heç də hər il səmərəli nəticə vermirdi və verə də bilməzdi. Çünki elə il olurdu, inflyasiya cəmi 1-3% təşkil edirdi. Üstəlik, orta aylıq nominal əməkhaqqı məbləğinin artım həddi də əslində həmişə inflyasiyadan üstün olmalıdır.

Bu il ərzində də pensiyalar indeksləşdiriləcək. Buna dair dövlət başçısının bu yaxınlarda müvafiq sərəncamı olacaq. Odur ki, bütün növ əmək pensiyalarının artımı hələ qarşıdadır.

Ancaq minimum pensiyanın hər il artırılmadığını nəzərə alsaq, bir daha yuxardakı fikrimə qayıdıram ki, sözügedən göstəriciyə dair mexanizm təkmilləşdirilməlidir. Başqa sözlə desəm, gələcəkdə minimum pensiya məbləği üzrə də dəyişikliyin tam olaraq minimum əməkhaqqı kimi olmasa da, hər halda əksər pensiya məbləğləri həddinə təsir etməsinə imkan yaradılmalıdır.

Sual oluna bilər, nəyə görə “tam olmasa da”?! Ona görə ki, ölkədə real olaraq hələ artırıldıqdan sonra belə 280 manat həcmində pensiya alanlarımızla yanaşı, 10 min manat pensiya alanlar da var. Necə olur ki, adi indeksasiya onlara da təsir edir, minimum pensiya məbləğinə isə yox?! Amma minimal pensiya məbləğinin artması bu sahədə minimal kapital səviyyəsini artırır.

Fikrimcə, sonuncuda birbaşa əlaqə aradan götürülməli, minimum pensiya kapitalının səviyyəsi ayrı şərtlərlə tənzimlənməli, minimum pensiya məbləğinin rolu və təsir imkanları isə genişləndirilməlidir.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Pensiya   Təqaüd  





Xəbər lenti